Mamalıq işi

  1. Ümumi müddəalar

1.1. Orta ixtisas təhsilinin 040706 “Mamalıq işi” ixtisası üzrə Təhsil  proqramı “ Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  müvafiq qərarlarına, eləcədə “ Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (AzMKÇ) sənədinə və “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” na uyğun hazırlanmışdır.

  1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:

  • İxtisas üzrə məzunun kompetensiyalarının, ixtisasın çərçivəsini, fənlər üzrə tədris və öyrənmə metodlarını, qiymətləndirmə üsüllarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirmək;
  • Tələbələri və işə götürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcədə təlim nəticələri barədə məlumatlandırmaq ;
  • Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq.

1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün orta ixtisas təhsil müəssisələri üçün məcburidir.

1.4. Tələbələnin (xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinin tələbələri istisna olmaqla) 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır ( ümumi təhsil fənləri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50 % -dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

  • Məzunun kompetensiyaları

2.1. Təhsil Proqramının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir;

  • “Mama ” ixtisası üzrə subbakalavr müalicə profilaktika, həmçinin elmi-tədqiqat institutlarında, doğum evlərində və ixtisaslaşmış tibb müəssisələrində peşə fəaliyyətinə, eləcə də təhsilini bakalavr pilləsində davam etdirməyə hazır  olmaq bacarığına;
  • Öz ixtisasının mahiyyətini və sosial mənasını bilməli, ona davamlı maraq            göstərməli;
  • İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
    • İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
    • Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
    • Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
    • İş yerində informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
    • Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
    • Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq bacarığına;
    • Məsələlərin həlli üçün əlavə məlumat resurslarını sərbəst tətbiq etmək , seçə bilmək bacarığına;
    •  Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
    • Peşəkar fəaliyyətini planlaşdırmaq, təşkil etmək,  gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığına;
    • Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
    • Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.

 2.2.Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:

  • Peşə vəzifələri və funksiyalarını həyata keçirmək üçün ixtisası üzrə müasir nəzəri, təcrübi bilik və bacarığına;
  • Fəaliyyətini peşəkar standartlara və təcrübələrə uyğun həyata keçirmək bacarığına;
  • Fərdi, ictimai yönümlü ilkin tibb xidməti göstərmək üçün əsas klinik, sosial elmlərə aid biliklərə, doğuşu idarə etmək bacarıqlarına, vərdişlərə;
  • Pasiyent və pasiyent yaxınları ilə etik çərçivədə ünsiyyət qurmaq, idarə etmək bacarığına;
  • Qadın məsləhətxanalarında və ginekoloji kabinetlərdə profilaktik baxışın aparılmasını- aşkar və gizli keçən xəstəlikləri, xüsusən xərçəng, AİDS və dəri-zöhrəvi xəstəliklərin ilkin formalarının vaxtında aşkarlanmasına dair bilik və bacarıqlara;
  • Həkimə assisentliyi və mamalıq fəaliyyətində kiçik mamalıq əməlliyatlarının aparılmasında bilik və bacarıqlara;
  • Müayinə üçün materialların götürülməsi, saxlanılması, müvafiq laboratoriyaya göndərilməsi  bacarığına;
  • Mamalıq və ginekoloji patologiyalarda pasiyentlərin reabilitasiyası, müalicəvi bədən- tərbiyəsi komplekslərin aparılması, klassik massajın edilməsi, həkimin təyinatı ilə fizioterapevtik müalicənin aparılması bacarığına;
  • Hamiləlik və doğuşdan sonrakı dövrdə baş verəcək ağırlaşmaların profilaktikasının təliminin gələcək analara göstərilməsinin bilik və bacarığına;
  • Hamilə qadınların doğuşa fiziopsixoloji hazırlanması, hamiləlik, doğuş və zahılıq dövrünün fəsadlarının profilaktikası haqqında biliklərə;
  •  Fizioloji, patoloji hamiləlik, döğuş və zahılıq dövründə  qadına, yeni doğulmuşa tibbi, tibbi-sosial yardım etmək, dispanserizasiya və patronajı təşkil etmək bacarığına;
  • Profilaktika, müalicə və reabilitasiya sahəsində hamilərin, zahı qadınların, ailənin və cəmiyyətin səhiyyə xidməti ehtiyaclarını qiymətləndirmək üçün təməl səviyyədə nəzəri və təcrübi biliklərə, bacarıqlara və din, dil, irq, cins, siyasi mənsubiyyət baxımından ayrıseçkilik etmədən  yanaşmaq bacarığına;
  • Təhsil zamanı əldə olunmuş bilik, münasibət və bacarıqların inkişaf yollarını bilmək və bunu bütün peşə fəaliyyəti boyu davam etdirərək istifadə etmək bacarığına;
  • Bilik və bacarıqlarının hüdudlarını bilərək, zəruri hallarda həmkarları və digər ixtisaslar üzrə tibb işçiləri ilə əməkdaşlıq sayəsində mənimsədiyi bilikləri tətbiq etmək, mamalıq proseduraları, diaqnostik manipulyasiyaları yerinə yetirmək bacarığına;
  • Kiçik tibb heyətinin- xadimələrin işini təşkil və onlara rəhbərlik etmək bilik və bacarığına;
  • Ailə planlaşdırması, qorunması, reproduktiv sağlamlığın möhkəmləndirilməsi məqsədilə sanitar-maarifləndirmə işləri aparmaq və müasir məlumatlar əldə etməklə daima təkmilləşdirmək bilik və bacarığına;
  • Peşəsini və vəzifə borcunu tibbi etik prinsiplər çərçivəsində insani dəyərləri ön planda tutaraq xəstələrin, xəstə yaxınlarının məxfiliyini, işçilərin təhlükəsizliyini qorumaq üçün bilik və bacarıqlara;
  •  Peşəsinin tələbinə uyğun olaraq müasir  məlumatlardan və yüksək tibbi  texnologiyalardan  istifadə  etmək bilik və  bacarıqlara;
  • İlkin səhiyyə xidməti göstərərkən qarşılaşdığı inzibati və hüquqi vəzifələri idarə etmək üçün bilik və bacarıqlara;
  • İş fəaliyyəti zamanı rasional müayinə, profilaktika üsullarını yerinə yetirərək, pasiyentlərin vəziyyətinin sağlamlaşdırma tədbirlərini  planlaşdırmaq bilik və   bacarıqlara;
  • Əhalinin və ayrı-ayrı fərdlərin sağlamlıq səviyyəsinin, buna təsir edən amillərin ehtiyaca uyğun metod və vasitələrlə qiymətləndirilməsi və yaxşılaşdırılması üçün lazım olan bilik və  bacarıqlara; 
  • Əhalinin sağlamlığının qorunması və inkişafı üçün fərdi və ictimai sağlamlıq ilə əlaqəli təhsil və maarifləndirmə işlərini planlaşdırmaq və həyata keçirmək bilik və  bacarıqlara;
  • Hamiləliyə təsir edən amilləri vaxtında müəyyən etmək, onların ictimai sağlamlığa təsirini qiymətləndirmək bilik və bacarıqlara;
  • Müasir tibb mənbələrindən yenilikləri əldə edərək onları qiymətləndirmək, müstəqil formada öyrənib təcrübəyə tətbiq etmək bilik və  bacarıqlara;
  • Peşəkar fəaliyyəti ilə həmkarlarına və cəmiyyətə nümunə olmaq bilik və  bacarıqlara;
  • Bütün proseslərdə iştirak edərək tibb xidmətinin planlaşdırılması, icra edilməsi, qiymətləndirilməsi və səmərəliliyinin artırılması istiqamətində bilik və bacarıqlara;
  •  Hamilələrə, zahı qadınlara palliativ qayğı, ağrı və digər problemlərin erkən müəyyənləşdirilməsində, qiymətləndirilməsində bilik və bacarıqlara;
  • İlk tibbi yardım göstərməklə əzab cəkən pasiyentin vəziyyətini yüngülləşdirmək, problemlə üzləşən pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün onlara psixososial və mənəvi yanaşmada bilik və bacarıqlara;
  • Mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini mənimsəmək, daxili əmək  intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə qayda və normaları haqqında bilik və bacarıqlara.

3. Tədris və öyrənmə.

3.1 Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil proqramının ikinci bəndində nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər

3.2  Tədris və öyrənmə metodları müvafiq sənədlərdə ( məsələn: müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə( məsələn: kollecin veb səhifəsində, proqramın broşurlarında və s.) açıq olmalıdır.

3.3 Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli, təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi kollecin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.

3.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar    tələbəyönümlü  yanaşmanı və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar.

  • təqdimatlar;
  • müzakirələr;
  • debatlar;
  • müstəqil iş;
  • sahə işləri;
  • rollu oyunlar;
  • hesabatlar;
  • simulyasiya və s.

Bu metodlar aşağıdakı formalarda keçirilə bilər.

  • mühazirə  (o cümlədən audio və video)  və seminarlar (o cümlədən distant);
  • praktik məşğələlər;
  • laborator məşğələlər və s.

      3.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir.Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gucləndirilməsinə yetirilməlidir.

3.6. Təhsil proqramı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

 4.    Qiymətləndirmə.

 4.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölcülə bilsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarinin nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalaşdırılmasına yardım etməlidir.

 4.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn fənn proqramında,sillabusda və s.) təsvir edilməli və hamı ücün açıq olmalıdır (məsələn: təhsil müəssisəsinin veb səhifəsində,proqramın broşürlərində və s.).

4.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi orta ixtisas təhsili müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.

4.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanın və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:

– yazılı tapşırıqlar;

– bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;

– şifahi təqdimatlar;

– sorğular;

– açıq müzakirələr;

– praktika hesabatları;

– praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;

– portfolionun qiymətləndirilməsi;

– frontal sorğu;

– qrup şəklində və özünü qiymətləndirmə və s.

Sadalanan üsullar fənnin spesifikasından asılı olaraq seçilə və ya dəyişdirilə bilər.

4.5.Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq, qabiliyyət səviyyəsinin düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı  hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdırlar.

4.6.Tələbələrə müəllimlərlə, qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Orta ixtisas təhsili müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.

4.7. Akademik etika təhsil prosesində önəmli yer tutur. Tələbələr akademik dürüstlüyə riayət etmək, plagiat problemini anlamaq öyrədilməlidir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdırlar.

5.   Proqramın və hər bir fənnin təlim nəticələri.

5.1. Hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və bir fənnin sillabusunun hazırlanması orta ixtisas təhsili müəssisəsinin, akademik heyətin səlahiyyətindədir. Təhsil proqramının təlim nəticələri isə bu Proqramla müəyyən olunur. Orta ixtisas təhsili müəssisəsi təhsil proqramının təlim nəticələrinə əlavələr edə bilər.

5.2. Təlim nəticələri müvafiq olaraq bu proqramı hazırlayan    işçi qrupu və hər bir orta ixtisas tətsili   müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir.Təlim nəticələri matrisində (Əlavə2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.

5.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri    və praktiki məzmunu təmin etməsi məqsədi ilə fənlərin sillabusları hər semestr yenilənməlidir.

6.   İnfrastruktur və kadr potensialı.

  6.1.Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi orta ixtisas təhsili müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:

  040706 “Mamalıq işi” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında  nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi üçün müvafiq İKT ilə (sensor lövhələr, proyektorlar, kompüterlər) təchiz olunmuş auditoriyalar, mühazirə zalları, simulyativ mulyajlarlarla təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar və s. ilə təmin olunmuş maddi texniki bazası olmalıdır. Təhsil alanların orta ixtisas təhsili müəssisəsinin lokal şəbəkələr, internet, məlumat bazaları, elektron kitabxanalarına çıxışı təmin edilməlidir.

6.2. Orta ixtisas müəssisələrinin professor-müəllim heyəti ən az bakalavr dərəcəsinə malik olur.Digər dövlət, yaxud özəl müəssisələrdən  və ya digər müvafiq təşkilatlardan gələn  peşəkarlar  da tədrisə cəlb oluna bilər.

7.  Təcrübə.

7.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının    gücləndirilməsi baxımından vacibdir.

7.2. Təcrübə doğum evində, qadın məsləhətxanasında, birləşmiş  xəstəxanalarda və s. təşkil oluna bilər.

7.3.Təcrübədən əvvəl orta ixtisas təhsil müəssisəsi və təcrübə təşkil olunacaq müəssisə, xəstəxana, doğum evi və s. müqavilə imzalamalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər özəl müəssisələrdə, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbənin hüquq və öhdəlikləri və digər zəruri təfərrüatlar əks olunur.

7.4. Təcrübənin qiymətləndirilməsi: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və Təhsil Nazirliyinin əsasnamələri və digər hüquqi normativ sənədlər əsasında aparılır.

8.   Məşğulluq və ömür boyu təhsil.

8.1.  040706  “Mama” ixtisası üzrə  subbakalavr müalicə profilaktika müəssisələrində, elmi-tədqiqat institutlarında, doğum evlərində, qadın məsləhətxanalarında, feldşer-mama məntəqələrində çalışa bilər.

8.2. Orta ixtisas təhsil müəssisəsi Təhsil proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə və məzunlarının işlə təmin olunma göstəricilərinə dair məlumatları öz veb səhifəsində yerləşdirməlidirlər.

8.3. Subbakalavr proqramının  məzunları təhsillərini bakalavriat səviyyəsində davam etdirə   bilərlər. İxtisas uyğunluğu Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “ Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas ( baza ali ) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas seçimi cədvəli” nə müvafiq aparılır.

8.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir