Əczaçılıq

 1.   Ümumi müddəalar

1.1  Orta ixtisas təhsilinin 040701 “Əczaçılıq ” ixtisası üzrə Təhsil proqramı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (AzMKÇ) sənədinə və “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” na uyğun hazırlanmışdır.

1.2  Təhsil proqramının məqsədləri aşağıdakılardır :

• İxtisas üzrə məzunun kompetensiyalarının, ixtisasın çərçivəsini, fənlər üzrə tədris və öyrənmə   metodlarını,qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrasturkura, kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə, təhsilini artırma imkanlarını müəyyənləşdirmək;

• Tələbələri, işə götürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələribarədə məlumatlandırmaq;

• Təhsil proqramı üzrə kadr hazırlığının bu proqrama uygunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq.

1.3 Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan təhsil müəssisələri üçün məcburidir.

1.4  Tələbələrin (xüsusi təyinatlı orta ixtisas təhsil müəssisələrinin tələbələri istisna olmaqla) 5 (beş) günlük iş rejimində həftəlik auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır. Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi də dəyişdirilə bilər.

2.  Məzunun kompetensiyaları

2.1 Təhsil Proqramının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir;

– Öz ixtisasının mahiyyətini və sosial mənasını bilməyə, ona davamlı maraq göstərməyə;

– “Əczaçılıq” ixtisası üzrə subbakalavr apteklərdə və digər əczaçılıq müəssisələrində peşə fəaliyyətinə, eləcə də təhsilini bakalavr pilləsində davam etdirməyə hazır olmaq bacarığına ;

– İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;

– İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına ;

– Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları müasir dünyadakı yeri və roluna dair sistemli, hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə ;

– Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına ;

– İş yerlərində informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;

– Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə ;

– Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq bacarığına ;

– Məsələlərin həlli üçün əlavə məlumat resurslarını sərbəst tətbiq etmək, seçə bilmək bacarığına ;

– Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına ;

– Peşəkar fəaliyyətini planlaşdırmaq, təşkil etmək, gələcək təhsilini, mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığına ;

– Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;

– Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti, özünü yenidən qiymətləndirmək, özünütənqid bacarığına.

2.2 Təhsil Proqramının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir:

– Peşə  vəzifələri və funksiyalarını həyata keçirmək üçün ixtisası üzrə müasir nəzəri, təcrübi bilik və bacarığına;

– Fəaliyyətini peşəkar standartlara və təcrübələrə uyğun həyata keçirmək bacarığına;

– Təhsil zamanı əldə olunmuş bilik, münasibət və bacarıqların inkişaf yollarını bilmək , bunu bütün peşə fəaliyyəti boyu davam etdirərək istifadə etmək bacarığına;

– Peşəsinin tələbinə uyğun olaraq müasir məlumatlardan, yüksək tibbi texnologiyalardan istifadə etmək bacarığına ;

– Peşə məsələlərini həll edərkən fiziki, kimyəvi, makroskopik, mikroskopik və miqdari analiz üsullarını tətbiq etmək bacarığına ;

– Peşə fəaliyyəti dairəsində peşə təhlükəsizliyi qaydalarına sahib olmalı, təhlükə mənbəyini və təhlükə dərəcəsini qiymətləndirmək bacarığına;

– Bioəczaçılıq, farmakoqnostik, kimyəvi-toksikoloji, fiziki-kimyəvi və xromatoqrafiya üsulları, satışın stimullaşdırılması üsullarından eksperimental üsullarının aparılmasında iştirak etmək bacarığına;

– Dərman vasitələrinin hazırlanması məqsədi ilə yeni xammal mənbələrindən bioloji fəal maddələrin alınması və identifikasiyasıüçün müstəqil iş aparmaq bacarığına;

– Tədqiqat obyektinə uyğun olaraq informasiya axtarışı aparmaq bacarığına;

– Dərman vasitələrinin alınması, saxlanılması və istifadəsi mərhələlərində əczaçılıq analizinin aparılmasında iştirak etmək bacarığına ;

– Dərman bitki xammalının tədarükü, qəbulu və standartlaşdırılmasını həyata keçirmək bacarığına;

– Dərman vasitələrinin analizini aparmaq bacarığına;

– Əczaçılıq bazarının ayrı-ayrı hissələrində əczaçılıq işini təşkil etmək bacarığına ;

– Xammal, substansiya və hazır dərman preparatlarına dair analitik-normativ sənədlərin hazırlanması bacarığına ;

– İlkin səhiyyə xidməti göstərərkən qarşılaşdığı inzibati və hüquqi vəzifələri idarə etmək bacarığına;

– Müasir tibb mənbələrindən yenilikləri əldə edərək onları qiymətləndirmək, müstəqil formada öyrənib təcrübəyə tətbiq etmək bacarığına;

– Peşəkar fəaliyyəti ilə həmkarlarına və cəmiyyətə nümunə olmaq kimi bacarıqlara;

– Tibb xidmətinin planlaşdırılması, icra edilməsi, qiymətləndirilməsi, səmərəliliyinin artırılması istiqamətində bilik və bacarıqlara.

 3.   Tədris və öyrənmə.

3.1 Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil proqramının ikinci bəndində

      nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər

3.2 Tədris və öyrənmə metodları müvafiq sənədlərdə ( məsələn: müəllimin sillabusunda və s.) təsvir

edilməli və ictimaiyyətə( məsələn: kollecin veb səhifəsində, proqramın broşurlarında və s.) açıq olmalıdır.

3.3  Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli, təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi kollecin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.

3.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar    tələbəyönümlü  yanaşmanı və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar.

  • təqdimatlar;
  • müzakirələr;
  • debatlar;
  • müstəqil iş;
  • sahə işləri;
  • rollu oyunlar;
  • hesabatlar;
  • simulyasiya və s.

Bu metodlar aşağıdakı formalarda keçirilə bilər.

  • mühazirə  (o cümlədən audio və video)  və seminarlar (o cümlədən distant);
  • praktik məşğələlər;
  • laborator məşğələlər və s.

      3.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir.Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gucləndirilməsinə yetirilməlidir.

 3.6. Təhsil proqramı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

 4.    Qiymətləndirmə.

4.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölcülə bilsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarinin nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalaşdırılmasına yardım etməlidir.

 4.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn fənn proqramında,sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn: təhsil müəssisəsinin veb səhifəsində,proqramın broşürlərində və s.).

 4.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi orta ixtisas təhsili müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.

4.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanın və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:

– yazılı tapşırıqlar;

– bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;

– şifahi təqdimatlar;

– sorğular;

– açıq müzakirələr;

– praktika hesabatları;

– praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;

– portfolionun qiymətləndirilməsi;

– frontal sorğu;

– qrup şəklində və özünü qiymətləndirmə və s.

Sadalanan üsullar fənnin spesifikasından asılı olaraq seçilə və ya dəyişdirilə bilər.

4.5.Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq, qabiliyyət səviyyəsinin düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı  hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdırlar.

4.6.Tələbələrə müəllimlərlə, qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Orta ixtisas təhsili müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.

4.7. Akademik etika təhsil prosesində önəmli yer tutur. Tələbələr akademik dürüstlüyə riayət etmək, plagiat problemini anlamaq öyrədilməlidir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdırlar.

5.   Proqramın və hər bir fənnin təlim nəticələri.

5.1 Təhsil proqramının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması orta ixtisas təhsili müəaaiaəsinin / akademik heyətin səlahiyyətindədir. Orta ixtisas təhsili müəssisəsi təhsil proqramının təlim nəticələrinə əlavələr edə bilər.

5.2 Təlim nəticələri hər bir orta ixtisas təhsili müəssisəsi tərəfindən Əlavə 1.1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir. Təlim nəticələri matrisində (əlavə 1.2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.

5.3 Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədi ilə fənlərin sillabusları müntəzəm şəkildə  yenilənməlidir.

6. İnfrastruktur və kadr potensialı.

  6.1.Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi orta ixtisas təhsili müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:

  6.2 “040701-Əczaçılıq” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında  nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi üçün müvafiq İKT ilə (sensor lövhələr, proyektorlar, kompüterlər) təchiz olunmuş auditoriyalar, mühazirə zalları, simulyativ mulyajlarlarla təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar və s. ilə təmin olunmuş maddi texniki bazası olmalıdır. Təhsil alanların orta ixtisas təhsili müəssisəsinin lokal şəbəkələr, internet, məlumat bazaları, elektron kitabxanalarına çıxışı təmin edilməlidir.

6.3 Orta ixtisas müəssisələrinin professor-müəllim heyəti ən az bakalavr dərəcəsinə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən  və ya digər müvafiq təşkilatlardan gələn  peşəkarlar  da tədrisə cəlb oluna bilər.

7. Təcrübə

7.1 Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının      gücləndirilməsi baxımından vacibdir.

7.2  Təcrübə apteklərdə, digər əczaçılıq müəssisələrində və s. təşkil oluna bilər.

7.3  Təcrübədən əvvəl orta ixtisas təhsil müəssisəsi və təcrübə təşkil olunacaq müəssisə müqavilə imzalamalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər özəl müəssisələrdə, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbənin hüquq və öhdəlikləri və digər zəruri təfərrüatlar əks olunur.

7.4.Təcrübənin qiymətləndirilməsi: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və Təhsil     Nazirliyinin əsasnamələri və digər hüquqi normativ sənədlər əsasında aparılır.

  8. Məşğulluq və ömür boyu təhsil.

  8.1 Məzun apteklərdə, dərman depolarında, dərman istehsal edən zavodlarda, tibb müəssisələrinin

        apteklərində çalışa bilər.

  8.2 Orta ixtisas təhsil müəssisəsi Təhsil proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə və məzunlarının işlə təmin olunma göstəricilərinə dair məlumatları öz veb səhifəsində yerləşdirməlidirlər.

 8.3. Subbakalavr proqramının  məzunları təhsillərini bakalavriat səviyyəsində davam etdirə   bilərlər. İxtisas uyğunluğu Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “ Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas ( baza ali ) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas seçimi cədvəli” nə müvafiq aparılır.

 8.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir