Həmkarlar İttifaqı Komitəsi

   Pirəliyeva Həqiqət Novruz qızı 1995-ci ildən kollecdə müəllim vəzifəsində çalışır. 1999-cu ildən kollecin Həmkarlar İttifaqı Komitəsinin sədridir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illiyi və 30 illiyi münasibətilə yubiley döş nişanları və müxtəlif dövrlərdə fəxri fərmanlarla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyun tarixli 3323 nömrəli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif olunmuşdur.

  1nömrəli Bakı Tibb Kollecinin Həmkarlar İttifaqı Komitəsi kollecin işçilərini könüllülük əsasında birləşdirən ictimai,qeyri-siyasi və müstəqil təşkilat olaraq öz üzvlərinin peşə,əmək,sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsi məqsədini daşıyır.

  Ölkəmizdə həmkarlar ittifaqlarının əsas inkişaf yoluna qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə MDB məkanı üzrə  ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar İttifaqları haqqında” Qanun qəbul olunmuşdur.

   Kollecin  Həmkarlar İttifaqı Komitəsi öz işində  Azərbaycan Respublikasının “Həmkarlar İttifaqı haqqında” Qanununa, Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Nizamnaməsinə əsaslanır. Təşkilatımız fəaliyyətini azadlıq, müstəqillik, ədalət, demokratiya, bərabərlik, qanunçuluğun möhkəmləndirilməsi, həmkarlar təşkilatının qərarlarının kollecin HİK-in üzvləri tərəfindən mütləq yerinə yetirilməsi prinsiplərinin,eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Respublika Səhiyyə işçiləri Həmkarlar İttifaqının qurultay qərarlarının icra olunması üzərində həyata keçirir.

Həmkarlar İttifaqı Komitəsi ümumi məsələlərin həlli və əsas məqsədlərə nail olmaq üçün əmək kollektivi adından kollecin müdriyyəti ilə kollektiv müqavilə bağla Kollektiv müqavilələrdə kollecin işçilərinin əmək, sosial, iqtisadi məsələləri, iş və istirahət vaxtları, məzuniyyətlər, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əmək haqqı və ona əlavələrin edilməsi, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi, işçilərin əmək və digər hüquqi maraqlarının müdafiəsi, kollektiv və əmək müqavilələrin şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar araşdırmaların aparılması və s. məsələlər öz əksini tapır.

   Kollecdə Həmkarlar İttifaqının iclasları müntəzəm keçirilir. İclaslarda Həmkarlar İttifaqı üzvlərinin əmək,sosial-iqtisadi hüquqlarının və mənafelərinin müdafiəsinə, əməyin mühafizəsinə, mədəni-kütləvi tədbirlərin keçirilməsinə, gənclərə və qadınlara, sağlamlıq imkanları məhdud olan əməkdaşlara diqqətin artırılmasına, işçilərə maddi yardımın və bayram sovqatlarının verilməsinə, altmış yaşı tamam olan əməkdaşların yubileylərinin qeyd olunumasına, çalışmanın yaş həddi ilə əlaqədar azad olunan əməkdaşların  hörmətlə yola salınmasına,Covid-19 Pandemiyasından əziyyət çəkmiş əməkdaşlara maddi yardımın təyin olunmasına yönəldilmiş qərarlar qəbul edilməklə onların icrası təmin olunur.

   Hər bir müəssisədə işin müvəffəqiyyəti daxili intizam qaydalarının təməli üzərində qurulduğuna görə kollecdə də bu məsələyə xüsusi diqqət yetirilir. Ümumxalq hüzn və Anım Günlərində Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət edilir, xalqımızın müstəqillik və azadlıq uğrunda həyatlarını qurban vermiş şərəfli Övladlarının, görkəmli şəxsiyyətlərin xatirəsi ehtiramla anılır. Mədəni-kütləvi tədbirlər keçirilir, təqvim bayramları qeyd olunur. Respublika, şəhər və rayon səviyyəsində keçirilən tədbirlərdə həmkarların fəal iştirakı təmin edilir. Bütün bu tədbirlərdə məqsəd bir vətəndaş kimi ölkədə baş verən hadisələrə mövqeyimizi ifadə etmək, eyni zamanda tələbələrimizi savadlı, vətənpərvər, xalqını və millətini sevən  tibb kadrları kimi yetişdirməkdir. Kollecin müdiriyyəti ilə Həmkarlar İttifaqı Komitəsi  arasında qurulmuş sağlam tərəfdaşlıq münasibəti  kollecin uğurlu inkişafına xidmət edir. İnanırıq ki,120 illik yubileyini fəxr və qürur hissi ilə qeyd etdiyimiz 1 nömrəli Bakı Tibb Kolleci  gələcəkdə daha böyük uğurlara imza atacaqdır.