Salahova Könül Şənlik qızı – 1 nömrəli Bakı Tibb Kollecində “Cərrahi xəstəliklər” fənni üzrə müəllim vəzifəsində işləyir. “Cərrahi xəstəliklər” fənn birləşmə komissiyasının sədridir.
Cərrahlıq təbabətin ən məsuliyyətli bir sahəsidir.Fransız cərrahı R.Lerişin sözlərilə desək, “cərrahi əməliyyat insanı, onu öldürə bilən yollarla xilas edir”. Xəstənin cərrahi müalicəsində tibb bacısının iştirakı cərrahın iştirakı qədər vacibdir. Çünki əməliyyatın nəticəsi əksər hallarda vaxtında və düzgün göstərilən ilk yardımdan, xəstənin əməliyyata hazırlanmasından, həkimin təyinatlarının son dərəcə dəqiq yerinə yetirilməsindən və əməliyyatdan sonrakı dövrdə, eləcə də reabilitasiya dövründə xəstəyə düzgün qulluqdan asılı olur ki, bunu da çox vaxt tibb bacıları həyata keçirirlər. Eyni zamanda, cərrahlıqda yeni texnologiyaların tətbiqi, müasir avadanlıqlarla təchiz olunmuş tibb müəssisələrində işləmək, cərrahiyyənin inkişaf səviyyəsi peşəkar cərrahi biliklərə və vərdişlərə malik tibb bacılarının hazırlığını tələb edir. Tələbələrə cərrahi klinikalarda etika, deontologiya aspektləri, aseptika, antiseptika, anesteziya, desmurgiya anlayışları, əməliyyatdan əvvəl, əməliyyat zamanı, əməliyyatdan sonra tibb bacısının işi, keyfiyyətli tibbi qulluq üzrə təcrübi vərdişlər, müxtəlif cərrahi infeksiyalar, daxili üzvlərin,görmə, eşitmə analizatorlarının cərrahi xəstəlikləri və zədələnmələri, simptomatikası, müalicə prinsipləri haqqında nəzəri biliklər, təcrübi vərdişlər, təxirəsalınmaz hallarda ilkin tibbi yardım etmək üzrə bacarıqlar öyrədilir.
“Cərrahi xəstəliklər” fənn birləşməsinə aşağıdakı fənlər daxildir:
- Cərrahi xəstəliklər travmatologiyanın əsasları ilə;
- Cərrahi xəstəliklər otolarinqologiyanın əsasları ilə;
- Oftalmologiya;
- Diş və ağız boşluğu xəstəlikləri;
- Ümumi cərrahiyyə;
- Cərrahiyyədə tibb bacılığı;
- Onkologiyada tibb bacılığı;
- Cərrahi xəstəliklər.
“Cərrahi xəstəliklər” fənn birləşməsi komissiyasının tərkibində 34 nəfərdən ibarət müəllim heyəti fəaliyyət göstərir.