Görkəmli oftalmoloq-alim,akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi.
15 Mart 2023-cü ildə Bakı Konqres Mərkəzində Səhiyyə Nazirliyi və 1nömrəli Bakı Tibb Kollecinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi,əməkdar elm xadimi, tibb elmləri doktoru,professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Xatirə gecəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb,daha sonra görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Xatirələrlə yaşayan ömür” adlı video çarxı ilə davam etdi. Tədbirdə Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər dövlət orqanlarının rəhbər şəxsləri, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatirə gecəsində çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd etdi ki, 2023-cü il Azərbaycan xalqının həyatında əvəzolunmaz rolu olan iki insanın – Azərbaycanın görkəmli xadimi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın görkəmli oftalmoloq alim və həkimi Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə yadda qalandır.
Xatirə gecəsinin sonunda 1 nömrəli Bakı Tibb kollecinin direktoru Nailə xanım Əliyeva çıxış edərək vurğuladı ki, “İnsanların göz nurunun qorunmasına çalışan Zərifə xanım Əliyevanın yaşadığı şərəfli ömrün özü də, bir işığa bənzəyirdi. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara və gözünün nurunu itirmiş insanlara. Sanki o, dünyaya xeyirxahlıq etmək, insanlara nur paylamaq üçün gəlmişdi. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olan, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyevanın ölkəmizdə savadlı tibb kadrlarının yetişdirilməsində də xidmətləri böyükdür. İnanırıq ki, görkəmli oftalmoloq alimin tibb təhsilimizin, eyni zamanda, qocaman kollecimizin tarixində olan xüsusi yeri və zəngin irsindən indiki və gələcək nəsillər hər zaman lazımınca bəhrələnəcək, təbabətdə yeni-yeni uğurlar qazanacaqlar”.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etmişdir.
Comments are closed.