Ələsgərova Aygün Əşrəf qızı–1 nömrəli Bakı Tibb Kollecində “Mikrobiologiya və Genetika” fənn birləşmə komissiyasının sədridir.
Mikrobiologiya (yunanca “mikros”-kiçik, “bios”-həyat, “loqos”- elm deməkdir) mikroblar-mikroorqanizmlər haqqında elmdir. Mikroblar aləmi çox zəngin və müxtəlifdir. Təbiətdə onların rolu böyükdür.Mikrobiologiya virusologiya, protozoologiya, mikologiya, eyni zamanda immunologiya ilə də sıx əlaqədardır. Bu elm yad maddələrdən, o cümlədən mikroblar və onların məhsullarından müdafiə mexanizmini öyrənir.
Genetika (yunanca-“genetikos” mənşəyə aid olan deməkdir), canlı orqanizmlərin irsiyyəti və irsi dəyişkənliyi qanunauyğunluqlarını və onların təkamülü mexanizmlərini öyrənən fundamental bioloji elm sahəsidir. Tibbi genetikanın məqsədi təkcə irsi patologiyaların meydana gəlməsinin müasir nəzəriyyəsi ilə tanışlıq deyil, həmçinin xəstələrin genetik müayinəsinin əsas metodları üzrə praktiki bacarıqların formalaşdırılmasıdır. Gələcək nəslin sağlamlığının proqnozlaşdırılması, tibbi-genetik məsləhətlər və irsi xəstəliklərin profilaktikasıdır.
Gigiyena (yunanca “hugieinos”–sağlamlıq gətirən deməkdir). Gigiyena elminin məqsədi ətraf mühitin insan orqanizminə və ictimai sağlamlığa təsir qanunauyğunluqlarını öyrənməklə, həyat fəaliyyəti üçün optimal şərait yaratmaq, sağlamlığı möhkəmləndirmək və xəstəliklərin qarşısını almaqdan ötrü gigiyenik normaların, sanitariya qaydalarının əsaslandırılmasından ibarətdir.
Dərslər üç istiqamətdə aparılır: mühazirə, seminar, laboratoriya .
“Mikrobiologiya, genetika və gigiyena” fənn birləşməsinə aşağıdakı fənlər aiddir:
- İctimai sağlamlıq və gigiyena;
- Tibbi genetika;
- Tibbi mikrobiologiya;
- Parazitologiya;
- Epidemiologiya və biostatistika;
- Ümumi və tibbi mikrobiologiya
“Mikrobiologiya, genetika və gigiyena” fənn birləşməsi komissiyasının tərkibində 10 nəfərdən ibarət müəllim heyəti fəaliyyət göstərir.