Səhiyyə sahəsində humanist dəyərlərin təşviqi və sosial məsuliyyət prinsiplərinin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində 1 nömrəli Bakı Tibb Kollecinin əməkdaş və tələbələri 3 nömrəli Uşaq Somatik Sanatoriyasında uşaqları ziyarət edib.
Ziyarətin əsas məqsədi uzunmüddətli müalicə və reabilitasiya prosesində olan uşaqlara mənəvi dəstək göstərmək, onların sosial adaptasiyasına töhfə vermək və bayram əhval-ruhiyyəsini bölüşmək olub. Tədbir zamanı uşaqlarla maarifləndirici və motivasiyaedici söhbətlər aparılıb, onlara müxtəlif hədiyyələr təqdim olunub, eyni zamanda milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz ənənələri haqqında məlumat verilib.
Qeyd olunmalıdır ki, belə sosial yönümlü təşəbbüslər gələcək səhiyyə işçilərinin peşəkar hazırlığı ilə yanaşı, onların etik-mənəvi keyfiyyətlərinin formalaşmasına da müsbət təsir göstərir. Tibbi təhsil müəssisələrinin ictimai layihələrdə fəal iştirakı səhiyyə sistemində humanizm, mərhəmət və sosial həmrəylik prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir.



