Ümumi müddəalar
1.1 Orta ixtisas təhsilinin 040718 “Optometriya ” ixtisası üzrə Təhsil proqramı “ Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, eləcə də “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar çərçivəsi” (AzMKÇ) sənədinə və “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır.
1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardı:
İxtisas üzrə məzunun kompetensiyalarının, ixtisasın çərçivəsini, fənlər üzrə tədris və öyrənmə metodlarını, qiymətləndirmə üsüllarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirmək;
Tələbələri və işə götürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri barədə məlumatlandırmaq;
Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq.
1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün orta ixtisas təhsil müəssisələri üçün məcburidir.
1.4. Tələbələnin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır ( ümumi təhsil fənləri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50 % -dən çox olmamalıdır.
2. Məzunun kompetensiyaları
2.1.Təhsil Proqramının sonunda məzun AzMKÇ-nin 5-ci səviyyəsində nəzərdə tutulmuş deskriptorlarla yanaşı aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir.
- İxtisası üzrə Azərbaycan dilində, ən azı bir xarici dildə şifahi və yazılı ünsiyyət qurmaq bacarığına;
- Azərbaycan Dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları, müasir dünyadakı yerinə, roluna dair sistemli və hərtərəfli biliklərə;
- İş yerində müasir informasiya texnologiyalarından səmərəli istifadə etmək bacarığına;
- Komandada iş, problemin həllinə ortaq yanaşma bacarığına;
- Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək və uğur qazanmaq bacarığına;
- Məsələlərin həlli üçün əlavə məlumat resurslarını sərbəst tətbiq etmək və seçə bilmək bacarığına;
- Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarığına;
- Peşəkar fəaliyyətini planlaşdırmaq, təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığına;
- Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
- Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək, özünütənqid bacarığına.
2.2. “Optometriya” ixtisası üzrə məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:
- Peşəkar vəzifələri və funksiyalarını həyata keçirmək üçün ixtisası üzrə müasir nəzəri, təcrübi bilik və bacarıqlara,
- Eynək, kontakt linzalar və görmə korreksiya cihazları haqqında məlumat əldə etmək bacarığına;
- Görməni korreksiya məqsədilə eynəklərin reseptə uyğun seçilməsi, satışa hazırlanması və qulluq qaydaları barədə məsləhətləri ilə pasientə yardım etmə bacarığına;
- Nömrəli eynək və kontakt linzaları ölçmək, onların quraşdırılması üçün lazımi düzəlişləri etmək bacarığına;
- Eynəklərin hazırlanması üçün lazımi avadanlıq və cihazlardan istifadə etmək bacarığına;
- Əsas optik alətlər haqqında kifayət qədər biliyə malik olmağa;
- Riyaziyyatın, kimyanın, fizikanın əsaslarını bilmək və fiziki həndəsi optika haqqında nəzəri biliklərə malik olmağa;
- Görmə sağlamlığı və göz xəstəlikləri haqqında əsas klinik əlamətlərin diaqnostikası barədə biliklərə;
- Peşəsini və vəzifə borcunu tibbi etik prinsiplər çərçivəsində insani dəyərləri ön planda tutaraq xəstələrin, xəstə yaxınlarının məxfiliyini qorumaq üçün bilik və bacarıqlara;
- Peşə ilə bağlı texnoloji inkişafları izləmək və iş sahəsinə tətbiq etmək bacarıqlarına;
- İxtisasartırma təlimlərini, kursları, seminarları, simpoziumları, panelləri və nəşrləri izləməklə ömürboyu öyrənmənin vacibliyini qəbul etmək və özünü inkişaf etdirmək bacarığına;
- Əhalinin sağlamlığının qorunması, inkişafı üçün fərdi və ictimai sağlamlıq ilə əlaqəli təhsil, maarifləndirmə işlərini planlaşdırmaq və həyata keçirmək bacarığına;
- Ümumi və peşəkar proqramlardan, həmçinin avtomatlaşdırılmış sistemlərdən istifadə etmək bacarığına;
- Fəaliyyətinin bütün mərhələlərində vəzifəsinə uyğun sənədləşdirməni bilmək bacarığına;
- Peşəkar müəssisələrin inzibati məsuliyyəti və idarə olunması ilə bağlı bilik və bacarıqlara;
- Peşə ilə bağlı sağlamlıq və təhlükəsizlik tədbirlərinə riayət etmək, fövqəladə hallarda təmkinli olmaq və ilk tibbi yardım göstərmək bacarığına;
- İş yerindəki və xidmət göstərdikləri insanlarla sağlam insani münasibətlər (ünsiyyət) qura bilmək bacarığına;
- Sosial və mədəni cəhətdən özünü inkişaf etdirə bilmək, fərd olduğunu dərk etmək bacarığına;
- Komandada işi görə bilən, sosial məsuliyyət hissi olan sahibkar fərdlər ola bilməyə;
- Azərbaycan dili, xarici dil və akademik kommunikasiyaya malik olmaqla peşəkar inkişafları izləyəcək səviyyədə müasir fərdlər ola bilməyə;
- İlkin səhiyyə xidməti göstərərkən qarşılaşdığı inzibati, hüquqi vəzifələri idarə etmək üçün bilik və bacarıqlara;
- Səhiyyə xidmətlərində qoruyucu perspektivin vacibliyini dərk etmək, xidmət göstərərkən buna diqqət yetirmək üçün düzgün münasibət formalaşdırmağa;
- Əsas epidemioloji anlayışları bilmək və bu anlayışlardan öz peşə təcrübəsində lazımi şəkildə istifadə etmək bacarığına;
- Peşəkar məlumat bazası yaratmaq və təhlil etmək bacarığına;
- İctimai həyatın problemlərindən xəbərdar olmağa, cəmiyyətə layiqincə xidmət etməyə;
- Peşəkar fəaliyyəti ilə həmkarlarına, cəmiyyətə nümunə olmaq bacarığına;
- Problemlə üzləşən pasientlərin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün onlara psixososial, mənəvi yanaşmaqda bilik və bacarıqlara;
- Müasir tibb mənbələrindən yenilikləri əldə edərək onları qiymətləndirmək, müstəqil formada öyrənib, təcrübəyə tətbiq etmək üzrə bilik və bacarıqlara;
-
3. Tədris və öyrənmə.
3.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil proqramının ikinci bəndində nəzərdə tutulan kompetensiyalara yiyələnsinlər.
3.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə ( məsələn: müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə( məsələn: kollecin veb səhifəsində, proqramın broşurlarında və s.) açıq olmalıdır.
3.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi kollecin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
3.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar.
- təqdimatlar;
- müzakirələr;
- debatlar;
- müstəqil iş/araşdırma;
- layihələr;
- nümayiş etdirmə;
- müşahidə metodu;
- problem əsaslı öyrənmə;
- hal əsaslı öyrənmə;
- sahə işləri;
- ekspert metodu;
- rollu oyunlar;
- hesabatlar;
- simulyasiya və s.
Bu metodlar aşağıdakı formalarda həyata keçirilə bilər.
- mühazirə (o cümlədən audio və video) və seminarlar (o cümlədən distant);
- praktik məşğələlər;
- laborator məşğələlər və s.
3.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir.Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
3.6. Təhsil proqramı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.
4. Qiymətləndirmə.
4.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölcülə bilsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarinin nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalaşdırılmasına yardım etməlidir.
4.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn:fənn proqramında,sillabusda və s.) təsvir edilməli və hamı ücün açıq olmalıdır (məsələn:təhsil müəssisəsinin veb səhifəsində,proqramın broşürlərində və s.).
4.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi orta ixtisas təhsili müəssisənin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
4.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanın və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
- yazılı tapşırıqlar;
- bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
- şifahi təqdimatlar;
- sorğular;
- açıq müzakirələr;
- praktika hesabatları;
- praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
- portfolionun qiymətləndirilməsi;
- frontal sorğu;
- qrup şəklində və özünü qiymətləndirmə və s.
Sadalanan üsullar fənnin spesifikasından asılı olaraq seçilə və ya dəyişdirilə bilər.
4.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq, qabiliyyət səviyyəsinin düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq,qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdırlar.
4.6. Tələbələrə müəllimlərlə ,qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Orta ixtisas təhsili müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apellyasiya prosedurlarını müəyyən etməlidir.
4.7. Akademik etika təhsil prosesində önəmli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiat problemini anlamaq öyrədilməlidir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdırlar.
5. Proqramın və hər bir fənnin təlim nəticələri.
5.1. Hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və bir fənnin silabusunun hazırlanması orta ixtisas təhsili müəssisəsinin,akademik heyətin səlahiyyətindədir. Təhsil proqramının təlim nəticələri isə bu proqramla müəyyən olunur.Orta ixtisas təhsili müəssisəsi təhsil proqramının təlim nəticələrinə əlavələr edə bilər.
5.2. Təlim nəticələri müvafiq olaraq bu proqramı hazırlayan işçi qrupu və hər bir orta ixtisas təhsili müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir.Təlim nəticələri matrisində (Əlavə2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.
5.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədi ilə fənlərin sillabusları hər semestr yenilənməlidir.
6. İnfrastruktur və kadr patensial.
6.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi orta ixtisas təhsili müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir.
- müvafiq İKT ilə (sensor lövhələr, proyektorlar, kompüterlər) təchiz olunmuş auditoriyalar, - mühazirə zalları
- simulyativ mulyajlarla təchiz olunmuş fənn kabinetləri,
-laboratoriyalar və s.
Təhsil alanların orta ixtisas təhsili müəssisəsinin lokal şəbəkələr, internet, məlumat bazaları, elektron kitabxanalarına çıxışı təmin edilməlidir.
6.2. Orta ixtisas müəssisələrinin professor-müəllim heyəti ən az bakalavr dərəcəsinə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və ya digər müvafiq təşkilatlardan gələn peşəkar mütəxəssisləri də tədrisə cəlb oluna bilər.
7. Təcrübə.
7.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından vacibdir.
7.2 Təcrübə xəstəxanalarda, poliklinikalarda, birləşmiş xəstəxanalarda , optika mağazaları və s. təşkil oluna bilər.
7.3. Təcrübədən əvvəl orta ixtisas təhsil müəssisəsi və təcrübə təşkil olunacaq müəssisə, xəstəxana, optikalarla müqavilə imzalamalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər özəl müəssisələrdə, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbənin hüquq və öhdəlikləri, digər zəruri təfərrüatlar əks olunur.
7.4.Təcrübənin qiymətləndirilməsi:
- İstehsalat və diplomqabağı təcrübənin sonunda tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi ümumilikdə 100 bal olmaqla (tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi şifahi qaydada aparılaraq 50 bal, davamiyyət üzrə 50 bal) qiymətləndirilir.
8. Məşğulluq və ömür boyu təhsil
8.1. 040718 “Optometriya“ ixtisası üzrə subbakalavr məzunları optik mağazalarda, eynək, linza və şüşə şirkətlərində, xəstəxanalarda və göz sağlamlığı ilə bağlı laboratoriya sahələrində işləyə bilərlər. Bundan əlavə, Optometriya məzunu olan şəxslər, istədikləri təqdirdə öz optik mağazalarını açmaq səlahiyyətinə malikdirlər. Optik mağazalarda optometrist ehtiyacı olduğu üçün bu sektorda Optometriya ixtisasını bitirmiş şəxslər seçilir.
8.2. Orta ixtisas təhsil müəssisəsi 040718“Optometriya“ ixtisası üzrə subbakalavr məzunlarının məşğulluna dair müntəzəm sorğular keçirməli, eləcədə vakant iş yerlərinə və məzunlarının işlə təmin olunma göstəricilərinə dair məlumatları öz rəsçi səhifəsində yerləşdirməlidir.
8.3. Subbakalavr proqramının məzunları təhsillərini bakalavriat səviyyəsində davam etdirə bilərlər. İxtisas uyğunluğu Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas seçimi cədvəli” nə müvafiq aparılır.
8.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.