
“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.
Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.
Heydər Əliyev
Tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəslə ötürən məbədlərdən biri də kitabxanalarımızdır. Təhsil sisteminin ayrılmaz atributu, insanların bələdçisi olan kitabxanaların əhəmiyyətini, onun zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırmaq istiqamətindəki rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlamış və ona xüsusi qayğı ilə yanaşıb.
İnsan təfəkkürünün inkişafında,elmi mədəni səviyyəsinin ,dünyagörüşünün formalaşmasında zəngin mütaliə həlledici rol oynayır.
“Təhsil insanın,cəmiyyətin və dövlətin inkişafına, maraq və mənafeyinə xidmət edən ,strateji əhəmiyyətə malik olan fəaliyyət sahəsidir”-fikrini əsas tutaraq, təhsilin tam və dolğun mənimsənilməsi prossesində kitabxana mühüm rol oynayır deyə bilərik.
1 nömrəli Bakı Tibb Kollecinin kitabxanası kollec daxilində tədris və elmi fəaliyyətin informasiya təminatını həyata keçirən mühüm struktur bölmələrindən biridir. Kitabxana ictimai-siyasi, tarixi, tədris, metodiki və bədii ədəbiyyat fonduna malik olmaqla yanaşı, tələbə və müəllim heyətinin informasiya tələbatının ödənilməsində mühüm rol oynayır. Kitabxananın vahid fondunda 30 000-dən artıq kitab və digər informasiya resursları mövcuddur. Fondun sistemli şəkildə qorunması və oxuculara səmərəli xidmət göstərilməsi məqsədilə kitabxana xüsusi kitab anbarı və abonement bölməsi ilə təmin edilmişdir.
Kitabxananın oxucu auditoriyası 1600-dən artıq istifadəçini əhatə edir. Bu auditoriyanın əsas hissəsini kollecin tələbələri təşkil etsə də, kitabxanadan eyni zamanda müəllim kollektivi və inzibati heyət də fəal şəkildə istifadə edir. Kitabxana təhsil prosesinin keyfiyyətinin artırılmasına xidmət edən əsas informasiya mərkəzlərindən biri kimi tələbələrin elmi dünyagörüşünün formalaşmasına, onların müstəqil tədqiqat bacarıqlarının inkişafına və müasir tibbi biliklərə çıxış imkanlarının genişlənməsinə dəstək verir.
Kitabxananın maddi-texniki bazası müasir tələblərə uyğun şəkildə təşkil edilmişdir. Xidmət sahələri müasir mebel və zəruri texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Kompüter, skaner, printer və digər texniki vasitələrin fasiləsiz və işlək vəziyyətdə saxlanılması kitabxana əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır. Bu isə oxuculara operativ, keyfiyyətli və müasir informasiya xidmətlərinin göstərilməsinə əlverişli şərait yaradır.



