XƏBƏRLƏR

Diqqət, dəyər və qayğı dolu anlar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin müəllim və tələbələri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsində keçirilən tədbir həm humanist, həm də maarifləndirici xarakter daşıyıb. Tədbirin əsas məqsədi yaşlı nəslin sağlamlıq vəziyyətinin diqqətdə saxlanılması, onlara tibbi-profilaktik qayğının göstərilməsi və eyni zamanda tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi olub.

    Tədbir çərçivəsində kollecin Optometriya ixtisasında təhsil alan tələbələrin iştirakı ilə ahıl şəxslərin göz müayinələri aparılıb, görmə ilə bağlı ilkin qiymətləndirmələr həyata keçirilib. Bununla yanaşı, iştirakçıların arterial təzyiqləri ölçülüb, ümumi sağlamlıq vəziyyətləri, gündəlik həyat tərzi və mövcud şikayətləri ilə maraqlanılıb. Tələbələr müəllimlərin nəzarəti altında yaşlı insanlarla ünsiyyət quraraq onların hal-əhvalını soruşub, tibbi maarifləndirici söhbətlər aparıblar.

    Bu cür sosial-tibbi təşəbbüslər ahıl şəxslərin özlərini dəyərli və diqqət mərkəzində hiss etməsinə şərait yaratmaqla yanaşı, gələcək səhiyyə mütəxəssislərinin peşəkar və mənəvi keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayır.

FAYDALI KEÇİDLƏR

prezident.az
prezident.az
prezident.az
prezident.az