Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecində Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara, Dəstək İB -nin təşkilatçılığı ilə "Erkən nigah , məişət zorakılığı , insan alverinə qarşı mübarizə, həssas qruplarla iş" istiqamətində “Gəncliyin Qalası: Təhsil və sağlamlıq” adlı layihənin təqdimatı keçirilib. Tədbirdə Kollecimizin müəllimləri , "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İB -nin eşitmə və nitq qabiliyyəti tam məhdud olan gənc üzvləri ,valideynlər , ictimai birliyin könüllüləri iştirak edib.
Təşkilatın sədri Aida Səfərova çıxışı ilə layihənin əsas məqsədinin regionlarda yaşayan eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslərin sağlam həyat tərzi barədə məlumatlılıq səviyyəsinin artırılması, onların sağlamlıqla bağlı düzgün bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi və bu istiqamətdə davranış dəyişikliklərinin təşviq olunmasından bəhs edib . Layihə çərçivəsində sağlam həyat tərzinin əsas prinsipləri — düzgün qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durma və psixoloji sağlamlığın qorunması — jest dili vasitəsilə əlçatan formada təbliğ ediləcək, beləliklə də informasiya əlçatanlığının artırılmasına və sosial inklüzivliyin gücləndirilməsinə töhfə veriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni eşitmə və nitq qabiliyyəti tam məhdud olan gənclərin jest dilində tərcüməsiylə oxunub və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Aidə Səfərova auditoriyanin eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslər istiqamətində ünvanlanan suallarını cavablandırıb.
Tədbirin sonunda " Gəncliyin qalası; Təhsil və sağlamlıq " layihəsi çərçivəsində ərsəyə gəlmiş , " Mən oynadım o isə bu həyatı yaşayır " adlı sosial çarx iştirakçılara təqdim olunub. Tədbir sonadək surdotərcüməçinin jest dilində tərcüməsiylə başa çatdırılıb.



