Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kollecinin tələbələri, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayon üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 İyun–Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfransda iştirak edib. Konfransda rəsmilər, ziyalılar, elm və mədəniyyət xadimləri, tələbələr iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirmək yolunda göstərdiyi əvəzsiz xidmətlərindən danışılıb. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Heydər Əliyevin dövlətçilik strategiyasının, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttinin dayandığı bildirilib. Sonda konfrans iştirakçıları Mərkəzin ekspozisiya zalında Ulu Öndərin büstünü ziyarət ediblər, mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.



