Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecində 12 may 2025-ci il tarixdə "Beynəlxalq Tibb Bacıları Günü" münasibətilə akademik tədbir təşkil olunub. Tədbirdə kollecin müəllim və tələbə heyəti, həmçinin səhiyyə işçiləri iştirak edib.
12 may – Beynəlxalq Tibb Bacıları Günü, insan sağlamlığı naminə böyük fədakarlıq göstərən, şəfqəti və səbrilə seçilən tibb bacılarına həsr olunmuş əlamətdar gündür. Bu tarix, müasir tibb bacılığı elminin banisi sayılan Florens Naytinqeylin doğum günü ilə bağlıdır.Tibb bacıları səhiyyə sisteminin görünməyən qəhrəmanlarıdır. Onlar yalnız tibbi yardım göstərmir, həm də xəstəyə mənəvi dayaq, uşaqlara isə qoruyucu mələk olurlar.
Tədbir çərçivəsində tələbələr tərəfindən qısa səhnəciklər və praktiki təqdimatlar hazırlanmış, bu vasitə ilə tibb bacılarının peşə fəaliyyətindəki rolu, xəstələrə göstərdikləri diqqət və qayğı vizual olaraq nümayiş etdirilib. Eyni zamanda interaktiv formatda keçirilmiş rollu oyunlar və praktiki ssenarilər tələbələrin peşə etikası, xəstə ilə effektiv ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməsinə xidmət etmişdir.



