Rəhbərlik

NAİLƏ HƏSƏN QIZI ƏLİYEVA

Tibb elmləri namizədi

Nailə Həsən qızı Əliyeva 1967-ci il avqust ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri 20 saylı orta məktəbə daxil olmuş, 1984-cü ildə həmin məktəbi “Qızıl medalla” bitirmişdir. Həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olmuş, 1990-cı ildə həmin İnstitutun “Müalicə-profilaktika” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildə Bakı şəhəri 9 saylı Qadın məsləhətxanasına həkim-terapevt,  1999-cu ildə 1 nömrəli Bakı Tibb Kollecinə “Anatomiya, fiziologiya, patologiyanın əsasları ilə”  fənn müəllimi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il qərarı ilə 1 nömrəli Bakı Tibb Kollecində tədris-tərbiyə işləri üzrə direktor müavini , 2019-cu il 17 oktyabr tarixli qərarı ilə direktor vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyun tarixli 3323 nömrəli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilmişdir.

2024-cü il 17 aprel tarixdən Avropa Tibb Elmləri Akademiyasının üzvüdür.

Elnarə Nurəhməd qızı Kərimova 1964-cü il  avqust ayının 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1971-1981-ci illərdə Bakı şəhəri 46 saylı orta məktəbdə almışdir. 1981-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olmuş, 1987-ci ildə həmin İnstitutun “Pediatriya” fakültəsini bitirmişdir.

   İnternaturanı 1987-1988-ci illərdə 3 nömrəli uşaq xəstəxanasında keçirmiş, təyinatı  Sumqayıt şəhəri Birləşmiş Uşaq Xəstəxanasına verilmişdir. 1991-ci ildə Bakı şəhəri “Mərhəmət” xəstəxanasında anestezioloq-reanimotoloq həkim vəzifəsində işləmişdir .1991-ci il 26 noyabrdan 26 dekabra qədər Moskva Transplantologiya və Süni Orqanlar Elmi-Tədqiqat İnstitutunun “Hemodializ problemi” kursunu və tətbiqini, 1992-ci il 9-27 iyun tarixi aralığında Azərbaycan SSR Səhiyyə Nazirliyi Respublika Qanköçürmə Stansiyasında qanköçürmə kursunu , 1992-ci ildə Azərbaycanın Təkmilləşdirmə İnstitutunda “Həkim reanimotoloq” ixtisasartırma kursunu müvəffəqiyyətlə keçmişdir. 1999-cu ildə prof. R.Q.Əliyev adına  Bakı 1 saylı Tibb Məktəbinə “Mamalıq işi” ixtisası üzrə müəllimə vəzifəsinə qəbul olub.

  2006-cı ildən  1 nömrəli Bakı Tibb Kollecinin  “İnzibati və Təsərrüfat işləri üzrə” direktor müavini vəzifəsində çalışır.  

Cəmilə Çingiz qızı Əli-zadə 1970-ci il 12 iyulda Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1977-1987-ci illərdə Bakı şəhəri 8 nömrəli məktəbdə almışdır. 1989-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olmuş, 1994-cü ildə bitirmişdir. İnternaturanı 1995-ci ildə 11 nömrəli poliklinikada almışdır.

2001-ci ildə 1 nömrəli Bakı Tibb Kollecində müəllim vəzifəsində işə başlamış, hal-hazırda “Tibb bacısı işi” ixtisası üzrə şöbə müdiri vəzifəsində çalışır.

İradə Məmmədağa qızı Axundova 1962-ci il 9 dekabrda Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1969-cu ildə 31 saylı orta məktəbdə başlamış, 1979-cu ildə həmin məktəbi “Qızıl medalla” bitirmişdir. 1979-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olmuş, 1985-ci ildə bitirmişdir.

1986-cı ildən 1 nömrəli Bakı Tibb Kollecində “Daxili xəstəliklər” fənn müəllimi kimi fəaliyyətə başlamışdır. 1995-2007-ci illərdə “Müalicə işi” şöbəsinin müdiri, 2007-2021-ci illərdə “Müalicə işi və Əczaçılıq” şöbəsinin müdiri, 2021-ci ilin mart ayından “Mamalıq işi” şöbəsinin müdiri vəzifəsində çalışır.

Firuzə Ömər qızı Osmanova 1966-cı il 12 aprelde Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur. 1973-cü ildə Dmanisi rayon orta məktəbin 1-ci sinfinə daxil olub, 1983-cü ildə orta məktəbi bitirmişdir. 1985-ci ildə Kazan Tibb İnstitutunun farmasiya fakültəsinə qəbul olub, 1990-cı ildə təhsilini Bakıda Tibb Universitetində davam etdirib, 1993-cü ildə ali məktəbi bitirmişdir. 1994-cü ildə Nəsimi rayonunda 3 saylı aptekdə əczaçı vəzifəsində çalışmışdır.

2001-ci ildən 1 nömrəli Bakı Tibb Kollecində “Farmakologiya” fənnini tədris etmişdir. 2007-ci ildə “Əczaçılıq” fənn birləşməsində sədr təyin edilmişdir. 2019-cu ildə “İdman və müalicə masajı” bölməsinin rəhbəri olmuşdur. 2021-ci ildən “Müalicə işi”, “Əczaçılıq”, “Müalicə masajı” ixtisaslarının şöbə müdiri vəzifəsində çalışır.

Jalə Abtalıb qızı Həyatova 1967-ci il avqustun 25-də Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri 176 saylı orta məktəbə daxil olmuş, 1984-cü ildə məktəbi “Qızıl medal” la bitirmişdir. Həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə (indiki Azərbaycan Tibb Universiteti) qəbul olmuş, 1990-cı ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ilin sentyabr ayında “Daxili xəstəliklər” üzrə klinik ordinaturaya qəbul olmuş və 4 nömrəli klinik xəstəxana nəzdində “Daxili xəstəliklər” kafedrasında işləmişdir. 1992-ci ildə ordinaturanı müvəffəqiyyətlə bitirmiş, həmin il “Daxili xəstəliklər” ixtisası ilə aspiranturaya qəbul olmuş, ailə vəziyyəti ilə əlaqədar aspiranturadan azad olunmuşdur.

1996-cı ildə R.Q.Əliyev adına Bakı 1 saylı Tibb məktəbinə (indiki 1 nömrəli Bakı Tibb Kolleci) “Terapiya və tibb bacısının işi” ixtisası üzrə müəllimə vəzifəsinə qəbul olunmuşdur. 17.10.2022-ci il tarixindən “İstehsalat təcrübəsi rəhbəri” vəzifəsinə təyin edilmişdir. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Türkiyə Cumhuriyyəti, Ankara şəhərində Hacettepe Universitetində “Ailə təbabəti” üzrə 3 aylıq təlim kurslarında iştirak edərək “Ailə təbabəti egitimçisi” sertifikatına layiq görülmüşdür.

06.06.2022-ci il tarixində “Səhiyyə əlaçısı”medalı ilə Azərbaycan Respublikası Səhiyyə Naziri Cənab Teymur Musayev tərəfindən təltif olunmuşdur.

Mədinə Əlibaba qızı Nəbiyeva 1963-cü ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini 1970-1980-ci illərdə 225 nömrəli məktəbdə almışdır. 1982-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Pediatriya fakültəsinə daxil olmuşdur. İnternaturasını 1988-ci ildə A.Qarayev adına xəstəxanada keçirmişdir. 1989-1998-ci illərdə10 nömrəli uşaq poliklinikasında sahə pediatrı vəzifəsində çalışmışdır.

2000-ci ildə 1 nömrəli Bakı Tibb Kollecində “Cərrahi xəstəliklər” fənn müəllimi vəzifəsində işə qəbul olunmuş, 2014-cü ildən həmin kollecdə metodist vəzifəsində çalışır.