Sərginin əsas məqsədi 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş faciə barədə tələbələrin tarixi məlumatlılığını artırmaq, hadisələrin mahiyyətini obyektiv şəkildə çatdırmaq və milli yaddaşın qorunmasına töhfə verməkdir. Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarının da daxil olduğu 613 dinc sakin qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Düşmən gülləsindən 76 uşaq daxil olmaqla 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Sərgidə təqdim olunan nəşrlər, arxiv materialları və vizual informasiya vasitələri Xocalı soyqırımının tarixi-siyasi mahiyyətini, beynəlxalq hüquq baxımından qiymətləndirilməsini və faciənin dünya ictimaiyyətinə çatdırılmasını geniş şəkildə işıqlandırır. Bu təşəbbüslər tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, tarixi həqiqətlərin öyrənilməsi və milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.



